Contact: Merrell Tuck-Primdahl, work ph# 202 473-9516 Global mobil # 202 415-1775 mtuckprimdahl@worldbank.org WASHINGTON, D.C., 1 noyabr 2005-ci il – Şərqi Avropa və Mərkəzi Asiyanın keçid iqtisadiyyatına malik ölkələrində məşğulluq imkanları tələb olunan səviyyədə deyil, və bu ölkələrdə məşğulluq imkanlarını yalnız müəssisələrin restrukturizasiyasının həyata keçirilməsi və investisiya iqliminin yaxşılaşdırılması yolu ilə stimullaşdırmaq mümkündür, - Dünya Bankının bu gün dərc olunmuş hesabatında belə deyilir. “Şərqi Avropada və keçmiş Sovet İttifaqında Məşğulluq İmkanlarının Genişləndirilməsi” adlanan hesabatda kommunizmin süqutundan 15 il sonra keçid iqtisadiyyatına malik olan 27 ölkədə əmək bazarlarının təhlili verilir. Üç vacib sual qrupu nəzərdən keçirilir: iqtisadi dəyişikliklər əmək bazarına necə təsir göstərmişdir? Ölkələr hansı irəliləyişlərə nail olmuşlar və daha çox sayda daha effektli iş yerlərinin yaradılması sahəsində hansı çətinliklər mövcuddur? Hansı yanaşmalar iş yerlərinin yaranmasını stimullaşdıra bilər? Mərkəzləşdirilmiş planlaşdırma sistemindən bazar münasibətlərinə keçid sahəsində region ölkələrinin əldə etdiyi nailiyyətlərə baxmayaraq, bir sahədə – məhsuldar iş yerlərinin yaradılması sahəsində nəticələr o qədər də böyük ruh yüksəkliyi yaratmır. «Əgər işsizlik sahəsində vəziyyət yaxşılaşmazsa, 1998-ci ildən sonra nail olunmuş yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması prosesi dayana bilər ki, bu da islahatlara siyasi dəstəyi zəiflədəcək”, hesabatın hazırlanmasına rəhbərlik etmiş və Dünya Bankının Avropa və Mərkəzi Asiya (AMA) regionunda sosial inkişaf proqramlarının iqtisadiyyatı departamentinin sektor müdiri Arup Banerji xəbərdarlıq edir. «Müəyyən səviyyədə müvəqqəti xarakterli işsizlik gözlənilsə də, onun hələ də davam etməsi təəccüblüdür”, AMA regionu üzrə aparıcı iqtisadçı və araşdırmanın həmmüəllifi Jan Rutkowski qeyd edir. «Struktur dəyişiklikləri prosesində iş yerlərini itirmiş işçilərin bir çoxu yeni iş tapa bilməmişdir; digərləri bir ildən artıq işsiz qalmış və ya aşağı məhsuldarlıqlı peşələrdə çalışırlar. Avropa Birliyinin bəzi yeni üzvlərində, habelə Birliyə qoşulmaq mərhələsində olan ölkələrdə işsizlik səviyyəsi ikirəqəmli ədədlə ölçülür. Müstəqil Dövlətlər Birliyi ölkələrində məşğulluq problemi iş yerlərinin keyfiyyəti ilə daha çox bağlıdır: onlar az məhsuldardır və yüksək maaşlara imkan vermir», deyə əmək bazarı üzrə müşavir və Dünya Bankının sosial proqramlar və sosial müdafiə üzrə vitse-prezidentinin idarəsində aparıcı iqtisadçı Stefani Scarpetta izah edir. Hesabat şirkətləri sərmayə qoymağa və məhsuldar iş yerlərinin yaradılmasına stimullaşdırmaq məqsədi ilə ölkələri investisiya iqlimini yaxşılaşdırmağa çağırır. Həmçinin ev və ipoteka bazarlarının formalaşdırılması və fasiləsiz tədris imkanlarından istifadə etmək imkanlarının yaxşılaşdırılması yolu ilə işçi qüvvəsinin hərəkəti zamanı xərcləri azaltmağa yönəlmiş addımlar atmaq tövsiyə olunur. 4000 müəssisə sahibi və rəhbərləri arasında keçirilmiş sorğunun əsasında müəlliflər firmaların investisiya və işçi qəbulu barədə qərarlarına müsbət və ya məndi təsir göstərən amilləri təhlil etmişlər. İqtisadi və ya siyasi qeyri-müəyyənlik, korrupsiya, yüksək vergilər, qeyri-səmərəli məhkəmə sistemləri sahibkarlıq fəaliyyətini zəiflədən əsas amillər kimi nəzərdən keçirilir. Subregional səviyyədə konkret tövsiyələr
Daha çox və daha keyfiyyətli iş yerləri yaratmaq üçün sub-regionların hökumətləri və işgüzar dairələri konkert ölkələrin xüsusiyyətləri əsasında hazırlanmış aşağıdakı tədbirləri görməlidirlər: Mərkəzi və Şərqi Avropada, son dövrlərdə əldə olunmuş tərəqqiyə baxmayaraq, yüksək işsizlik səviyyəsi problemini həll etmək üçün investisiya iqliminin yaxşılaşdırılması sahəsində daha geniş miqyaslı tədbirlər həyata keçirilməlidir. Biznesə başlama xərclərinin azaldılması, mülkiyyətin qeydiyyatı prosesinin asanlaşdırılması və müqavilə öhdəliklərinin icrasının təkmilləşdirilməsi tələb olunur. Həmçinin pensiya və sosial təminat sisteminin islahatlarını da həyata keçirmək zəruridir, çünki bu, əmək haqqının ödənilməsi üzərinə vergilərin azaldılmasına imkan verəcək. Cənub-Şərqi Avropada inzibati maneələrin və əmək haqqının ödənilməsi ilə bağlı vergilərin azaldılmasına yönəldilmiş addımlar atılmalıdır. Sonuncu vəzifə pensiya və sosial təminat sisteminin islahatları ilə birlikdə həll olunur. Bundan başqa bu ölkələrdə işçilərin hüquqlarının həqiqətən də qorunduğu, lakin işəgötürənlərə münasibətdə işçi qüvvəsinin sayı və tərkibinin korreksiya olunması sahəsində lüzumsuz məhdudiyyətlərin tətbiq olunmadığı adaptasiya oluna bilən əmək bazarının formalaşdırılmasına yönəldilmiş institusional və tənzimləmə islahatlarınin həyata keçirilməsi tələb olunur. Orta gəlir səviyyəsinə malik olan MDB ölkələrində (məsələn, Qazaxıstan, Rusiya və Ukrayna kimi) işsizlik səviyyəsi aşağıdır, lakin bu ölkələrdə yüksək natamam məşğulluq səviyyəsi mövcuddur, çünki işçilərin çoxu aşağı məhsuldarlıqlı fəaliyyət növləri ilə məşğuldurlar. Əsas prioritet inzibati maneələrin azaldılması, həmçinin əmək münasibətlərinin derequlyasiyası və əsas əmək normalarının qorunmasından ibarətdir. Bundan başqa, işsizlərə yardım mexanizmlərinin və işlərini itirənlərə kömək etmək üçün digər proqramların formalaşdırılması nəticəsində daha az insan öz yaşayışını təmin etmək üçün perspektivsiz işlərlə məşğul olmağa məcbur olacaq. Aşağı gəlirli MDB ölkələrində (Qafqaz və Mərkəzi Asiya) vəziyyət inkişaf etmiş institutların olmaması, qeyri-qənatbəxş idarəetmə və etibarlı infrastrukturun olmaması ilə xarakterizə olunur. Bu sub-region üçün tövsiyələr bazar institularının inkişafı sahəsində işin davam etdirilməsini, yeni biznesə başlamaqla bağlı risklərin azaldılmasını nəzərdə tutur. Aşağı gəlirli MDB ölkələrindən dövlət infrastrukturunun etibarlılığını artırmaq, çətinliklər yaradan gömrük maneələrini və ticarət normalarını aradan qaldırmaq, həmçinin kənd təsərrüfatı rayonlarının insan kapitalına investisiyaları stimullaşdırmaq tələb olunur. «İş yerləri yeni, kiçik özəl firmalar tərəfindən yaradıldığı üçün hakimiyyət orqanları biznesin vəziyyətinə müsbət təsir göstərən islahatları dəstəkləməlidirlər. Təkcə işçi qüvvəsinin yenidən hazırlanmasını və ya işsizlərə yardımı nəzərdə tutan proqramlar və strategiyalar vasitəsilə bu problemi həll etmək mümkün olmayacaq”, - Scarpetta bu nəticəyə gəlir. For more information, see http://www.worldbank.org/eca/laborstudy |